Şəkidə Milli Qurtuluş Günü qeyd olunub
15 İyun – Milli Qurtuluş Günü respublikamızın hər yerində olduğu kimi, Şəkidə də qeyd olunub.
Bu münasibətlə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binasının qarşısındakı abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərə hörmət və ehtiramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldiyi vurğulanıb.
Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilib, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.
Qeyd edək ki, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Şəkinin ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində, əmək kollektivlərində silsilə tədbirlər keçirilib.