Şəki şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsinin yeni inzibati binasının açılış mərasimi olmuşdur
Şəki şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsinin müasir tələblərə uyğun inşa olunan və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilən yeni inzibati binasının açılış mərasimi olmuşdur. Mərasimdə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla rayon rəhbərləri, idarənin kollektivi iştirak etmişdir. Komitə sədrinin müavini Rafiq Cəlilov son dövrlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sisteminin inkişaf etdirilməsi, bu sahədə vətəndaşlara şəffaf və səmərəli xidmət göstərilməsi, işin müasir əsaslarla təşkili istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, komitə tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və müasir standartlar səviyyəsində qurulması, hüquqların qeydiyyatı ilə bağlı daxil olan hər bir müraciətə operativ yanaşılması, məsələlərin operativ araşdırılaraq obyektiv həllinə xüsusi önəm verilir.Bildirilmişdir ki, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili ilə bağlı qəbul edilmiş qərarların icrası istiqamətində komitə tərəfindən müvafiq işlər həyata keçirilir. Artıq 2012-ci ilin may ayından ölkə vətəndaşları, əmlak sahibləri daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət etmək imkanlarına malikdirlər. Ötən müddət ərzində Bakı şəhəri və respublikanın müxtəlif regionlarından 2000-ə yaxın elektron müraciət daxil olmuş və icra edilmişdir. Bildirilmişdir ki, hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan çevik və etibarlı informasiya sistemi formalaşdırılır. Qeyd olunmuşdur ki, bu gün Şəkidə açılışı olan Ərazi Qeydiyyat İdarəsinin yeni inzibati binası bu tədbirlərin bariz nümunəsidir. Diqqətə çatdırılmışdır ki, vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatının daha rahat və operativ qaydada aparılması məqsədi ilə artıq yerli qeydiyyat idarələrində sənəd qəbulu həftənin bütün iş günlərində və iş gününün sonunadək həyata keçirilir. Bundan əlavə, ərazi qeydiyyat idarələrində “elektron növbəlilik” sistemi də tətbiq edilir. Həyata keçirilən tədbirlər nəticəsində, vətəndaşlar əmlaklarını daha qısa müddətdə dövlət reyestrində qeydiyyata aldıra bilərlər.Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəki Ərazi Qeydiyyat İdarəsinin kollektivini yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.Sonra mərasim iştirakçıları yeni binada əməkdaşlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.