Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə idmanın kempo növü üzrə respublika turnirində 90 idmançı mübarizə aparıb

21 iyun 2016 | 06:06

Şəkidə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan idmanın kempo submission növünün gi-nogi versiyaları üzrə respublika turnirində ölkəmizin 5 şəhər və rayonunu təmsil edən 9 komandanın tərkibində 90 idmançı iştirak edib.
Şərq Döyüş Növləri Federasiyaları Şurası, Şəki şəhər gənclər və idman idarəsi, “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə idmançılar uşaq, yeniyetmə və böyüklər kateqoriyaları üzrə 6 çəki dərəcəsində mübarizə aparıblar.
Şəhər 5 saylı tam orta məktəbin idman zalında təşkil edilən turnirin rəsmi açılış mərasimində əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Beynəlxalq Kempo Federasiyanın Azərbaycandakı rəsmi nümayəndəsi Rauf İbrahimov və Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov çıxış edərək, gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, onlarda doğma Vətənə sevgi və məhəbbət hislərinin formalaşmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd edilib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda gənclərdə vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqın müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün belə yarışların keçirilməsi olduqca vacibdir.
Diqqətə çatdırılıb ki, bu tip yarışların keçirilməsində əsas məqsəd kempo idmanının inkişafına, kempoçuların ustalığının artırılması və təkmilləşdirilməsinə, həmçinin bölgələrdə yeniyetmə və perspektivli idmançıların aşkar edilməsinə nail olmaqdır.
İdmançıların nümunəvi çıxışlarından sonra yarışlara start verilib.
Turnirin qalibləri təşkilatçı qurumlar tərəfindən kubok, fəxri fərman və medallarla mükafatlandırılıblar.

Keçidlər