27 iyun - 01 iyul tarixlərdə Şəkidə “İpək Yolu” VII beynəlxalq musiqi festivalı keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı 2010-cu ildən ənənəvi olaraq hər il keçirilən Şəki “İpək Yolu” beynəlxalq musiqi festivalı bu dəfə iyunun 27-dən iyulun 1-dək gerçəkləşəcək.
VII Şəki “İpək Yolu” beynəlxalq musiqi festivalında iştirak etmək üçün Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən ifaçılar dəvət olunub. Xarici ifaçılarla yanaşı festivalda Azərbaycanın görkəmli musiqi kollektivlərindən biri – bu günlərdə yaradılmasının 80 illiyini qeyd edən F.Əmirov adına mahnı və rəqs ansamblı və Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri iştirak edəcəkdir.
Yüksək peşəkarlıq səviyyəsində təşkil olunmuş festivalın proqramı geniş və rəngarəngdir. Burada müxtəlif xalqların musiqisinin üzvi surətdə qovuşaraq vahid harmoniya yaratması öz əksini tapmışdır.
“Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ili çərçivəsində keçirilən festivalın açılış günündə Şəki Yay Teatrının möhtəşəm zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistan ifaçılarının birgə layihəsi kimi hazırlanmış bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilib.
Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına həsr ediləcək. Şəki Xan Sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi” ansamblının (bədii rəhbər – Şirin Pancaroğlu), Şəki Yay Teatrında isə İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim olunacaq.
Festivalın konsert proqramına Yaponiyanın “Vas-Liqa” və İran İslam Respublikasının “Təbriz” musiqi ansambllarının da çıxışları salınıb.
Festival günlərində, həmçinin Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcəkdir.
Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının və xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında festivalın yekun konserti təqdim olunacaqdır.