Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır

14 fevral 2013 | 16:00

Xalqımızın unudulmaz və əbədiyaşar şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar Şəki şəhərində xatirə tədbiri keçirilmişdir. Şəhər İcra Hakimiyyəti və “Qafqaz” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, poeziya həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak etmişdir.
Tədbirdə “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç çıxış edərək B. Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim Bəxtiyar Vahabzadənın əbədiyyətə qovuşmasından dörd il vaxt keçir. Lakin onun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır. Öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B. Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil etmişdir. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir, Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə oxunur
Tədbirdə Şəki Musiqi Kollecinin tələbələrinin ifasında şairin sözlərinə yazılmış mahnılar oxunmuş, şeirlər ifa olunmuşdur. Sonra tədbir iştirakçıları “Qafqaz” Universitetinin mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən Teatr tələbə dərnəyinin tələbələri tərəfindən səhnələşdirilmiş B.Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinə tamaşa etmişlər.

 

Keçidlər