“Təbriz” ansamblının Şəki festivalında çıxışı maraqla qarşılanıb
Uğurla davam edən Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı artıq dördüncü gündür tamaşaçıları maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.
Festival çərçivəsində iyunun 30-da axşam qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində İranın “Təbriz” İnstrumental ansamblının konserti olub.
Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində məlumat verilib ki, “İpək yolu” festivalında ilk dəfədir iştirak edən “Təbriz” instrumental ansamblı 15 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansambl İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbətini qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda keçirilən müxtəlif festivalların və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib.
“Sizə salam gətirmişəm” mahnısı ilə başlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.