Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Xocalı faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

21 fevral 2013 | 16:00

Bəşəriyyət tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən olan Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlərin keçirilməsinə başlanmışdır.
Faciənin ildönümü ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, hazırda rayonun ayrı-ayrı əmək kollektivlərində, ali, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqları və kitabxanalarda anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar keçirilir, kitab və rəsm sərgiləri təşkil olunur, xüsusi guşələr yaradılır. Keçirilən tədbirlərdə insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanır, 21 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanır, terroru dəstəkləyənlər qətiyyətlə pislənilir.
Fevralın 25-də rayonun ali, orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr olunacaqdır. Bundan əlavə, Şəki Dövlət Rəsm Qalereyasında faciənin dəhşətlərini əks etdirən rəsm sərgisi təşkil olunacaq, Şəhər İcra Hakimiyyətində rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərlə görüş keçiriləcək, onlara yardım göstəriləcəkdir. Fevralın 26-da Xocalı faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar ümumrayon anma mərasimi keçiriləcək, soyqırımı qurbanlarının xatirəsi yad ediləcəkdir.

Keçidlər