Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində keçirilən qəbul və attestasiya imtahanları başa çatıb

06 iyul 2016 | 08:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə iyulun 5-də Şəki şəhərində keçirilən qəbul və attestasiya imtahanları uğurla başa çatıb.
İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), habelə tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazalarında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan IX və XI sinif şagirdləri qatılıblar.
Şəki şəhərində imtahanlar 8, 12, 14, 20 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanlarda ümumilikdə 2189 məzun və şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 180 nəzarətçi müəllim, həmçinin 18 nəfər ehtiyat nəzarətçi ayrılıb.
AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilən imtahanın gedişi ilə maraqlanıb. Məktəbdə imtahan təlimata uyğun olaraq saat 10.00-da başlanıb. İmtahan rəhbəri Könül Baxşəliyevanın bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, imtahanlar mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.

Keçidlər