Şəkidə dini ekstremizmlə mübarizəyə həsr olunmuş konfrans keçirilmişdir
İyulun 5-də Şəki şəhərində AR Gənclər və İdman Nazirliyi ilə AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mültikultural cəmiyyətdə dini ekstremizmlə mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Şəhər icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, həmin dövlət təşkilatlarının yerli qurumlarının təmsilçiləri, şəhər icra hakimiyyətinin məsul işçiləri, gənclər iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov açıb. O, konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmanın təmin edilməsi, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac var.
Tədbirdə AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dilşunaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və digərləri ölkədə mövcud dövlət-din münasibətlərindən, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış və dini ekstremizmin yaranma səbəblərinə və fəsadlarına həsr olunmuş ”Fitnə” filminin nümayişi olub.
Konfransın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.