Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri Şəkidə olublar
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri Şəki şəhərində olublar.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər qonaqlar əvvəlcə Şəki şəhərində təmirə ehtiyacı olan məktəbə baxış keçiriblər.
Bildirilib ki, İctimai Birliyə regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri binalarının inşası və əsaslı təmiri işləri ilə bağlı müraciətlər daxil olur. Həmin müraciətlər Təhsil Nazirliyi ilə birgə müzakirə ediləcək.
“Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, həmçinin Şəki şəhərində qarışıq tipli uşaq evində olublar. 1930-cu ildən fəaliyyət göstərən bu uşaq evində Heydər Əliyev Fondunun sosial sahə və təhsil üzrə layihələri çərçivəsində əsaslı təmir işlərinə başlanacağı bildirilib.
Sonra Birliyin nümayəndələri Şəkidə meyvə bağlarının salındığı təsərrüfat sahəsində olublar. Bildirilib ki, Şəkidə bağçılıq və tərəvəzçilik sahəsini inkişaf etdirmək üçün yaxşı imkanlar var. Hazırda bu sahədə əsas problem suvarma ilə bağlıdır.
Daha sonra rayon sakinləri ilə görüş olub. Görüşdə sakinlərlə yerindəcə bir sıra təkliflər müzakirə edilib. “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edən sakinlər bu təşəbbüsə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin əhalidən daxil olan şəxsi təşəbbüslərlə təşkilatın layihələrinə dəstək göstərəcəklərini deyiblər. Eyni zamanda, arıçılıq təsərrüfatınin inkişafının vacibliyini bildirərək bu sahənin öyrənilməsi üçün maarifləndirici kursların təşkil olunmasını təklif ediblər. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən müxtəlif sahələr üzrə təlim kurslarının keçirildiyini bildirən Anar Ələkbərov təklif olunan maarifləndirici kursun da yaxın zamanlarda reallaşdırılacağını deyib.
Sonda Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Ramazan bayramı münasibətilə rayon sakinlərinə təbrikini çatdırıb.