Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçin Azərbaycandakı səfiri Şəkidə olmuşdur

12 iyul 2016 | 09:07

Şəkiyə ilk dəfədir səfər edirəm. Şəhərin gözəlliyi, səliqə-sahmanı, qədim memarlıq abidələri çox xoşuma gəldi.
Bu fikirləri İsveç Krallığının ölkəmizdəki səfiri xanım İnqrid Tersman iyulun 11-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov səfiri səmimi salamlayaraq qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəhərdə dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli 4-5 festival keçirilir. Elxan Usubov İsveçin folklor və musiqi kollektivlərini hər il keçirilən “İpək yolu” beynəlxalq musiqi festivalına dəvət edib.
Səfirin diqqətinə çatdırılıb ki, Şəkinin iqtisadiyyatında kənd təsərrüfatı və turizm aparıcı yer tutur. Burada yetişdirilən ekoloji təmiz meyvə məhsullarının İsveç bazarlarına göndərilməsi üçün yaxşı potensial var.
Səfir İnqrid Tersman Azərbaycan ilə İsveç arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla davam etdirildiyini bildirib, gələcəkdə Şəki ilə iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın yaranmasında maraqlı olduğunu vurğulayıb. Qonaq Şəkiyə səfərindən məmnun qaldığını söyləyib.
Görüşün sonunda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər