Üçüncü beynəlxalq ənənəvi şirniyyat festivalına son hazırlıq işləri görülür
Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində üçüncü beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək. Hazırda festivala son hazırlıq işləri görülür.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, festivalın təşkilat komitəsinin üzvü Zərinə Cavadova bildirib ki, şirniyyat festivalının rəsmi açılış mərasimi iyulun 20-də axşam saatlarında XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində olacaq. Festivalda bir sıra xarici ölkələrdən gəlmiş qənnadıçılar, həmçinin respublikamızın 20-dən artıq şəhər və rayonunun şirniyyatçıları əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdirəcəklər.
Qurumun rəsmisinin bildirdiyinə görə, TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən gəlmiş qənnadıçılar üstünlük təşkil edəcək.
Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və digər milli şirniyyat nümunələrini sərgiləyəcəklər.
Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılacaq.
Ənənəvi şirniyyat festivalı rəngarəng konsert proqramı ilə başa çatacaq.