Şriftin ölçüsü :

Saytın rəngi :

İndoneziyanın Azərbaycandakı səfiri şəhər icra hakimiyyətinin başçısı ilə görüşmüşdür

20 iyul 2016 | 10:07

İyulun 19-da İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananien Şəkiyə səfəri çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov səfiri səmimi salamlayaraq qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəhərdə dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə hər il beynəlxalq səviyyəli 4-5 festival keçirilir.       Səfirin diqqətinə çatdırılıb ki, Şəkinin iqtisadiyyatında kənd təsərrüfatı və turizm aparıcı yer tutur.
Səfir Husnan Bey Fananien Şəkiyə səfərindən məmnun qaldığını söyləyib. O gələcəkdə iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın yaranmasında maraqlı olduğunu vurğulayıb. Şəkidə keçirilən beynəlxalq festivalların, tədbirlərin turist axınının güclənməsinə səbəb olduğunu diqqətə çəkən səfir bildirib ki, sabah keçiriləcək üçüncü beynəlxalq ənənəvi şirniyyat festivalında İndoneziyadan gələn qənnadçılar da iştirak edəcək.
Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Keçidlər