Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır

24 iyul 2016 | 02:07

Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən münaqişələr bu gün dövlət-din münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir.
Bu fikirlər Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iyulun 22-də Şəki şəhərində keçirilən “Dövlət-din münasibətləri” mövzusunda müşavirədə səsləndirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müşavirədən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
“Şəki Palas” otelinin konfrans zalında keçirilən tədbiri Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət din sahəsinə xüsusi diqqət göstərir və bu siyasət tolerantlığın tərkib hissəsi kimi həyata keçirilir. E.Usubov bu münasibətlərin formalaşmasında Qafqaz Müsəlmanları İdarəsinin və Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirib.
Heç bir cəmiyyətin neqativ təsirlərdən sığortalanmadığını vurğulayan icra hakimiyyətinin başçısı bu gün cəmiyyətdə baş verən arzuolunmaz halların aradan qaldırılmasında, mənəviyyatın qorunmasında ictimaiyyətin, ziyalıların üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, bölgəyə səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyevin bütövlükdə milli mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətləri ilə əlaqədar qəbul etdiyi qərarlar, Azərbaycanda multikultural dəyərlər, onların təbliği və təşviqi sahəsində görülən işlər barədə ictimaiyyəti, dindarları məlumatlandırmaq, müzakirələr aparmaq olduğunu bildirib.
Komitə sədri deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışı sürətlənib. O, bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib, hazırda dövlətimizin başçısının milli mənəvi dəyərlərimizin, dövlət-din münasibətlərinin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda olan mövcud dini durum barədə məlumat verib. Vurğulanıb ki, bu gün Azərbaycan müxtəlif dinlər arasında səmimi münasibətlərin hökm sürdüyü, yüksək tolerantlıq mühitinə malik bir ölkəyə çevrilib. Vətəndaşlar Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramdan çox razıdırlar.
Son günlər Türkiyədə baş verən hadisələrə toxunan şeyxülislam Azərbaycan xalqının həmişə türk xalqının yanında olduğunu vurğulayıb, hadisələr zamanı şəhid olanların xatirəsinə ehtiramını ifadə edib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, mufti Salman Musayev çıxış edərək, dindarlara tövsiyəsini bildirib.
Tədbir iştirakçılarının sualları cavablandırılıb.
Müşavirədən sonra şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Şəki Cümə məscidində cümə namazında iştirak ediblər. Qardaş Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında canlarını qurban verən şəhidlər üçün qaibanə cənazə namazı qılınıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişinə əsasən, iyulun 22-də Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsi anılıb, onların ruhuna dualar oxunub, qaibanə cənazə namazı qılınıb.

Keçidlər