Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın inkişaf etdirilməsi “Şəki-İpək” ASC-nin fəaliyyətini yenidən canlandırıb

30 iyul 2016 | 09:07

Bölgənin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC uzun illərdir ki, Azərbaycanda ipəkçiliyin inkişafına öz töhfəsini verməkdədir. Vaxtı ilə 7 min nəfərə yaxın işçinin çalışdığı bu müəssisənin fəaliyyətində ötən əsrin 90-cı illərinin əvvəllərində ciddi tənəzzül başlamış, Azərbaycanda ipəkçilik sahəsi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ipəkçiliyə münasibət kökündən dəyişildi, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görüldü. Məhz Ulu Öndərin təşəbbüsü və göstərişi ilə 2001-ci ildə “Şəki-İpək” ASC-nin fəaliyyəti yenidən bərpa edildi.
İpəkçiliyin inkişafı təbii ki, ilk növbədə, zəruri xammal bazasından asılıdır. Son illər respublikamızda barama istehsalının kəskin şəkildə azalması səhmdar cəmiyyətin normal fəaliyyətinə də ciddi təsir göstərib. Müəssisənin xammala olan tələbatını ödəmək üçün əvvəllər Özbəkistandan, İrandan quru barama satın alınaraq ölkəyə gətirilirdisə də, son illər xaricdən xammal gətirmək artıq mümkün olmurdu.
Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində bu problem öz həllini tapıb. Məhz dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra bu il respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nəticə göz qabağındadır. Bu il Azərbaycanda son illər ərzində ilk dəfə olaraq 71 ton yaş barama istehsal olunub və “Şəki-İpək” ASC-yə təhvil verilib.
AZƏRTAC-ın müxbiri tədarük edilən baramanın sonrakı istehsal prosesi ilə daha yaxından tanış olmaq məqsədi ilə müəssisədə olub, istehsal sahələrinin fəaliyyəti ilə maraqlanıb.
Rayonlardan gətirilən barama əvvəlcə müəssisənin xammal şöbəsi və barama çeşidləyici sexinə daxil olur. Təmizləndikdən sonra barama müəssisənin baramaaçan istehsalatına göndərilir.
İstehsalatın meneceri Əsabəli Nəzərovun bildirdiyinə görə, baramanın olmaması səbəbindən bu istehsal sahəsi uzun müddət idi ki, fəaliyyətini dayandırmışdı. İyunun 1-dən baramaaçan istehsalatı artıq öz fəaliyyətini bərpa edib. Hazırda burada 180 nəfər işçi çalışır. İşçilərin orta aylıq əmək haqqı 280 manat təşkil edir.
İstehsalatın meneceri deyib ki, baramaaçan istehsalatının birnövbəli iş rejimində fəaliyyət göstərməsi üçün ildə 100-120 ton quru barama tələb olunur. Hazırkı xammal ehtiyatı ilə bu istehsal sahəsi yalnız sentyabrın ortalarınadək fəaliyyət göstərə biləcək. Gələcəkdə barama istehsalının artması baramaaçan istehsalatının ilboyu fəaliyyət göstərməsinə, işçilərin sayının artırılaraq 500 nəfərə çatdırılmasına imkan yaradacaq.
Qeyd edək ki, buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 2008-ci ildə baramaaçan istehsalatında yenidənqurma işləri aparılıb, burada Çində istehsal olunan yeni, müasir baramaaçan, barama sarıyan, barama buğa verən dəzgahlar, vakuum aparatı quraşdırılıb. Yenidənqurma işlərindən sonra bu istehsalatda əmək məhsuldarlığı bir neçə dəfə artıb.
İşçilərlə söhbət zamanı baramaaçanlar Elmira İlyasova, Gülarə Haqverdiyeva və başqaları müəssisənin fəaliyyətinin yenidən bərpa olunmasına göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Əsabəli Nəzərovun məlumatına görə, indiyədək baramaaçan istehsalatında 3 ton xam ipək istehsal olunub. Ümumiyyətlə, bu il tədarük olunan baramadan 6 tona yaxın xam ipək istehsal edilməsi proqnozlaşdırılır.
Müəssisədə xam ipəyin istehsal olunması digər istehsal sahələrinin fəaliyyətinə də öz təsirini göstərəcək. Avqustun 1-dən etibarən artıq toxucu və burucu istehsalatlarının da fəaliyyətləri bərpa olunur və bu istehsal sahələrində 120 nəfər işçi çalışacaq.
Səhmdar Cəmiyyətin idarə heyətinin sədri Nizami Qəribovun bildirdiyinə görə, 2017-ci ildə respublikamızda yaş barama istehsalının 170-200 tona çatdırılması gözlənilir. Bu, o deməkdir ki, gələn il “Şəki-İpək” ASC 7-8 ay ərzində fəaliyyətini normal şəkildə davam etdirəcək, həm də əhalinin məşğulluğu təmin olunacaq.

Keçidlər