Şriftin ölçüsü :

Saytın rəngi :

“Kiyev virtuozları” Kamera Orkestrinin konserti Şəki musiqisevərlərinin ürəyincə olub

13 avqust 2016 | 02:08

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin budəfəki musiqili qonağı VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın məşhur “Kiyev virtuozları” Kamera Orkestri olub.
Festival çərçivəsində şimal-qərb bölgəsində konsertlər verən kamera orkestri sonuncu səyyar konsertini avqustun 11-də Şəki şəhərindəki Yay teatrında keçirib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kollektivi salamlayaraq, Şəkinin artıq festivallar şəhəri kimi tanındığını, hər il bu şəhərdə 4-5 beynəlxalq festivalın keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 2016-cı ildə Şəki artıq iki beynəlxalq festivala, həmçinin bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib. Sentyabrda Şəkidə daha bir beynəlxalq festivalın keçirilməsi nəzərdə tutulur.
Kollektivin rəhbərinə Şəki ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.
Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman konsertdə iştirak edib.
Konsertdə Fikrət Əmirovun “Nizami” simfoniyasından “final” hissə, V.A.Motsartın “Skripka və kamera orkestri üçün 5 saylı konsert”, P.Çaykovskinin “Florensiya xatirələri”, Q.Qarayevin “7 gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar səsləndirilib.
Orkestrın çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bununla da “Kiyev virtuozları” Kamera Orkestrinin şimal-qərb bölgəsində səyyar konsertləri başa çatıb.

Keçidlər