Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm bələdçisi: Bu il ölkəmizə gələn ərəb turistlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur

16 avqust 2016 | 10:08

Bu il ölkəmizə gələn ərəb turistlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Onlar Azərbaycana səfərlərindən çox razı qayıdırlar. Çünki son illər ölkəmizdə turizmin inkişafı üçün böyük işlər görülüb. Ümidvarıq ki, bu işlər gələcəkdə daha geniş miqyasda davam etdiriləcək.
Bu fikirləri Birləşmiş Ərəb Əmirliklərindən gələn turist qrupunu müşayiət edən “Falcon Travel” turizm şirkətinin bələdçisi İlkin Əlimuradov Şəkidə AZƏRTAC-a müsahibəsində söyləyib.
Turizm şirkəti nümayəndəsinin dediyinə görə, turistlər Şəkidə, ilk növbədə, Şəki xanlarının sarayı ilə tanış olurlar. Çünki bu saray tariximizi özündə yaşadan mühüm məkanlardan biridir. Ərəb qonaqlar Şəki xanları sarayının orijinallığı ilə bağlı verilən məlumatlardan razı qalır, sarayın gözəlliyinə heyranlıqlarını gizlətmirlər. “Qonaqlarımızı, əlbəttə ki, Şəki mətbəxi, həmçinin şirniyyatları ilə də tanış edirik. Bütün bunlarla yanaşı, Şəkinin gözəl mənzərəsi, təbiəti, yaşıllığı da turistləri özünə cəlb edir”, - deyə İlkin Əlimuradov bildirib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin altı ayında 19 dəfə, Bəhreyndən olan qonaqların sayı isə 13 dəfə artıb. Bununla yanaşı, ərəb ölkələri arasında ən yüksək artım iraqlı turistlərin sayında qeydə alınıb. Cari ilin altı ayında 11028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar-iyun aylarındakı göstəricidən 30 dəfə çoxdur.
Ümumiyyətlə, bu ilin birinci yarısında ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 22 min nəfər çox olmaqla, 25 min nəfər təşkil edib.

Keçidlər