Şəkiyə gələn turistlər atla gəzintiyə üstünlük verirlər
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzən yerli və xarici turistlərə bu yay mövsümünün başlanğıcından yeni xidmət növü – atla gəzinti də təklif olunur.
At üzərində gəzinti Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsi və rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə layihəsi əsasında iyunun ortalarından həyata keçirilir. Əsas məqsəd şəhərin qonaqlarını atçılıq turizmi barədə məlumatlandırmaq, onlara at üstə gəzməyi öyrətməkdir.
Turistlərə at üstündə gəzməyi Atçılıq Mərkəzinin təcrübəli məsləhətçiləri öyrədir.
At təlimatçısı Maşallah Namazovun bildirdiyinə görə, atla gəzinti çox faydalı istirahət növüdür. Şənbə və bazar günləri müraciət edənlərin sayı daha çox olur. Turistlər əvvəlcə at minməyin ilkin vərdişlərinə yiyələnir, daha sonra təlimatçıların köməyi ilə qoruğun ərazisini gəzirlər.
Layihə yay turizm mövsümünün sonunadək davam edəcək.