Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır

27 fevral 2013 | 16:00

Fevralın 26-da şəhər icra hakimiyyətinin akt zalında faciənin ildönümü ilə əlaqədar ümumrayon anma mərasimi keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xoçalıdan olan məcburi köçkünlər iştirak etmişlər.
   Tədbirdə qeyd olunmuşdur ki, Xocalı faciəsi Azərbaycan tarixinə qanla yazılmış çox ağrılı bir səhifədir. Xalqımızın yaddaşında tariximizin ən faciəli hadisələrindən biri kimi iz buraxmış Xocalı qətliamı zamanı 613 nəfər həmvətənimiz öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaq və qadınlar əsir götürülmüşdür. 150 nəfərin taleyi hələ də məlum deyildir.
     Bildirilmişdir ki, ötən müddət ərzində Xocalıda baş verənlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Faciənin günahkarlarının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkəsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyəti vardır. Diqqətə çatdırılmışdır ki, bu yaxınlarda Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilən petisiyalar üçün qısa müddətdə tələb olunan 100 mindən artıq səs toplanmışdır. Amerika Administrasiyasının diqqətinin bu məsələyə yönəldilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.
    Tədbirdə məcburi köçkünlər Qüvvət Kazımov, Almaz Məmmədova və başqaları çıxış edərək öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
   Tədbirdən sonra rayonda məskunlaşmış Xocalıdan olan 96 ailəyə maddi yardım göstərilmişdir.

Keçidlər