Rəqəmsal kadastr xəritələrinin tərtibi nəticəsində torpaqların qeyri-qanuni istifadəsinin qarşısı alınacaq
Azərbaycan ilə Almaniya arasında hökumətlərarası müqaviləyə uyğun olaraq, Almaniyanın KFW bankının dəstəyi ilə həyata keçirilən Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində bu şəhərlərdəki bütün əmlaklar – torpaq sahələri, fərdi evlər, mənzillər, həyətyanı və pay torpaqları yenidən ölçülərək sərhədləri dəqiqləşdirilib, eləcə də əmlakların sənədləri öyrənilib.
Bu barədə avqustun 16-da Şəkidə keçirilən Əmlak Məsələləri Dövlət Komitəsi, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki bələdiyyəsi arasında daşınmaz əmlaklar barədə məlumatların qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunan tədbirdə məlumat verilib.
Tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq, icrasına 2014-cü ilin iyununda başlanılan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə işlərin artıq başa çatmaq üzrə olduğunu deyib. Bildirib ki, layihə çərçivəsində hazırda ölkəmizdə daşınmaz əmlakın rəqəmsal kadastrının tətbiqi və istifadəsi ilə bağlı zəruri işlər həyata keçirilir. Artıq Şəki şəhərində də daşınmaz əmlakın rəqəmsal kadastr məlumat bazasının yaradılması təmin edilib. Bu işlər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) texniki dəstəyi ilə həyata keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev sözügedən layihə çərçivəsində Şəkidə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, torpaqların (daşınmaz əmlakların) elektron kadastr uçotu informasiya sisteminin yaradılması, rəqəmsal kadastr xəritələrinin tərtibi işi nəticəsində torpaqların qeyri-qanuni istifadəsinin qarşısı alınacaq, torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimləməsinin dövlət mexanizmi təkmilləşəcək, torpaqların islahat sənədlərindəki məkan göztəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Eyni zamanda, kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq və çoxsaylı torpaq mübahisələrinə son qoyulacaq.
Tədbirdə Gəncə və Şəki üzrə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin rəhbəri Oliver Haitsmann və GİZ-in “Yerli özünüidarəetmə” Proqramının Azərbaycan üzrə qrup rəhbəri Aksel Müller mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda ƏMDK, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki bələdiyyəsi arasında daşınmaz əmlaklar barədə məlumatların qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.