Daxili işlər naziri Şəkidə bölgə vətəndaşlarını qəbul edib
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da və 27-də Şəki Şəhər-Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərini, həmçinin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələrini şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.
Qəbulda iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, Prezident İlham Əliyevin ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu hər zaman dəstəkləyəcəklərini vurğulayıblar.