Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqət ayırır

03 sentyabr 2016 | 08:09

Respublika Veteranlar Təşkilatı veteran hərəkatında, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi işində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Bu fikir sentyabrın 2-də Şəki şəhərində keçirilən seminar-müşavirədə səsləndirilib.
Seminar-müşavirə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində keçirilib.
M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şəki və Mingəçevir şəhər, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayon veteran təşkilatlarının sədrləri, fəal gənclər, veteranlar, müvafiq dövlət orqanları və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Seminar-müşavirəni Respublika Veteranlar Təşkilatı sədrinin müavini Cəlil Xəlilov açaraq, layihə barədə məlumat verib. Bildirilib ki, “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihəsi Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli qəhrəmanları adına layiq görülən, eyni zamanda, 2016-cı ilin aprelində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihə xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda vətənpərvərlik, xalqına, dövlətinə sədaqət, tarixinə hörmət ruhunun gücləndirilməsi məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, layihənin həyata keçirilməsində məqsəd, eyni zamanda, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız haqqında geniş bilgilər vermək, onları ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyi barədə məlumatlandırmaqdan ibarətdir.
Cəlil Xəlilov sonra Respublika Veteranlar Təşkilatının bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb.
Seminar-müşavirədə daha sonra “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Qəhrəmanlar unudulmur!”, “Xalqı qəhrəmanlar ucaldır”, “Şəki qəhrəmanlar diyarıdır” mövzularında məruzələr dinlənilib, çıxışlar olub.
Tədbirin sonunda Azərbaycanın Milli qəhrəmanlarına həsr olunan film nümayiş etdirilib.

Keçidlər