Şəkinin təhsil işçiləri yeni dərs ilini yüksək əhval-ruhiyyə ilə qarşılayırlar
Sentyabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirmişdir ki, son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də köklü islahatlar həyata keçirilmişdir. Ölkəmizin demək olar hər yerində müasir standartlara cavab verən təhsil müəssisələri inşa olunmuş, onların maddi texniki bazası möhkəmlənmişdir. Yeni, müasir məktəblər təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Son illər Şəki şəhərində də məktəblərin tikintisi və təmiri geniş vüsət almış, son 5 ildə Şəkidə 25- dən çox məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Konfransda Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova “2015 - 2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, ötən tədris ilində Şəkinin ümumtəhsil məktəblərini bitirən 1773 məzundan 1090 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd vermiş onların 674-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 157 nəfəri 500 - dən, 61 nəfəri isə 600 - dən yuxarı bal toplamışdır. Həmçinin 160 nəfərə yaxın məzun orta ixtisas məktəblərinə daxil olmuşdur.
Konfransda çıxış edənlər ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından bəhs edərək əldə olunan uğurlardan söhbət açmışdılar.
Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev çıxış edərək son illər təhsil sahəsində həyata keçirilən islahatlardan danışmış, əldə edilən uğurlara görə Şəkinin təhsil işçilərini təbrik etmişdir.
Tədbirdə ali məktəblərə qəbul zamanı 600-dən yuxarı bal toplamış tələbələrə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Təhsil Şöbəsi adından qiymətli hədiyyələr verilmiş, həmçinin ötən ilin yekunlarına görə fərqlənən bir qrup təhsil işçisinə mükafatlar təqdim edilimişdir.
Konfransın sonunda Şəkinin təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.