İbrahim Assiri: Şəki festivalında iştirak etməyimdən çox məmnunam
Şəkidə keçirilən mötəbər teatr festivalında iştirak etdiyimə görə çox şadam. Festival çox xoşuma gəldi. Ümidvaram ki, növbəti festivallarda da iştirak edəcək, Şəki tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcəyik.
Bu sözləri II Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə əlaqələndiricisi, Səudiyyə Ərəbistanından olan İbrahim Assiri Şəkidə olarkən müsahibəsində deyib.
Azərbaycanda dəfələrlə olduğunu, müxtəlif festivallarda, beynəlxalq teatr konfranslarında iştirak etdiyini diqqətə çatdıran qonaq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq etdiklərini, ölkəmizin bir neçə teatrının Birləşmiş Ərəb Əmirliklərində tamaşalar göstərdiyini bildirib.
Qonaq Səudiyyə Ərəbistanı Krallığı teatrlarının indiyədək 50-dən artıq ölkədə müxtəlif festivallarda, tədbirlərdə iştirak etdiklərini, mükafatlar qazandıqlarını diqqətə çatdırıb. Hazırda ərəb teatrlarının repertuarlarında monodramalar, qadınlar və uşaqlar üçün ayrıca tamaşalar var.
İbrahim Assiri gələcəkdə Şəki teatrı ilə də əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.