“Qurcana” məhəlləsinin sakinləri ilə görüş
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 28-də şəhərin “Qurcana” məhəlləsinin sakinləri ilə görüşmüşdür. Görüşdə məhəllə ağsaqqalları, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər.
Şəhər sakinləri icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, şəhərimizdə genişmiqyaslı tikinti – abadlıq quruculuq işlərinin aparılması, küçələrə asfalt örtük döşənməsi, yeni müəssisələrinin açılması sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bununla yanaşı sakinlər həmin ərazidəki həlli vacib məsələlərə də toxunulmuşlar.
Məhəllə nümayəndəsi Elxan Salmanov, məhəllə sakinləri Zeynal Aydəmiroğlu, Fikrət Cəlilov, Ələddin Mollamustafayev, Məmmədəli Yusifov, Rəna Abdullayeva, Həsən Paşa və başqaları çıxış edərək D.Bünyadzadə, M.F.Axundov, A.Əfəndiyev küçələrinin dalan və döngələrinin əsaslı təmiri, M.F.Axundov prospekti boyu çay yatağının təmizlənməsi, Emin Sabitoğlu küçəsindən axan sel sularının evlərə düşməsinin qarşısının alınması, “Oğuz şossesi”nin müntəzəm işıqlandırılması, ərazidəki qəbiristanlığa gedən yolun işlək vəziyyətə gətirilməsi, keçmiş çörək zavodunun qarşısındakı çınqıl qalığının daşınması, Emin Sabitoğlu küçəsində sürətli internetdən istifadə üçün evlərə telefon xəttinin çəkilməsi, yeni inşa olunmuş xəstəxananın cənubundakı ərazidə kommunikasiya xətlərinin quraşdırılması və s. bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Məhəllə sakinləri ilə görüşə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vurmuş, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, əhalini narahat edən sosial problemlərin tezliklə öz həllini tapacağını bildirilmişdir.