İrakli Qoqiya: Gürcü teatrları üçün Azərbaycanda çıxış etmək həmişə maraqlı olub
Azərbaycanın qədim tarixi şəhərlərindən olan Şəkidə keçirilən Beynəlxalq Teatr Festivalında iştirak etməkdən böyük şərəf duyuruq. Gürcü teatrları üçün Azərbaycanda qastrolda olmaq, festivallarda iştirak etmək həmişə maraqlı olub. Çünki əminliklə demək olar ki, Azərbaycanda səhnə əsərini qiymətləndirməyi bacaran çox mədəni və ziyalı tamaşaçılar var.
Bu fikirləri II Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının bədii rəhbəri İrakli Qoqiya Şəkidə olarkən müsahibəsində deyib.
Qonağın bildirdiyinə görə, o, özü Bakı və Gəncə şəhərlərində bir neçə dəfə olsa da, rəhbərlik etdiyi Tbilisi Dövlət Dram Teatrı Azərbaycana birinci dəfədir gəlir. Teatr Şəki festivalına klassik gürcü dramaturqu Vaja Pşavelanın “Ev yiyəsi və qonaq” tamaşasını gətirib. Rejissor bildirib ki, əsərin mövzusu yalnız gürcü xalqı üçün deyil, bütövlükdə Qafqaz xalqları üçün xarakterikdir. Çünki qonaqpərvərlik qafqazlılar üçün ən müqəddəs adət-ənənələrdən hesab olunur.
Tamaşanın Şəki teatrsevərlərinin ürəyincə olduğuna əminliyini ifadə edən İrakli Qoqiya deyib: “Əgər biz növbəti dəfə bu gözəl şəhərdə təşkil edilən festivala dəvət alarıqsa, bundan çox məmnun olarıq”.