Aleksandra İzvekova: Festival iştirakçılarına göstərilən qonaqpərvərlikdən çox məmnunuq
Şəki çox xoşumuza gəldi. Nə yaxşı ki, festival Azərbaycanın bu qədim şəhərində keçirilir. Xan sarayının gözəlliyinə, daş döşənmiş qədim küçələrə, evlərə heyran qalmışıq. Müasir şəhərlərlə müqayisədə burada hər şey başqa cürdür, təbii və gözəldir. Sanki başqa bir aləmə, qədim dövrlərə düşmüşük. Biz, həqiqi mənada heyrətlənmişik.
Bu fikirləri II Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Ukraynanın “Krasivıye svetı” teatrının qastrol direktoru Aleksandra İzvekova Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Qonağın bildirdiyinə görə, teatrları hələ gəncdir, cəmi 5 ildir yaranıb. Buna baxmayaraq, artıq Latın Amerikasında - Kosta-Rikada, həmçinin Polşa, Almaniya və digər Avropa ölkələrində keçirilən teatr festivallarında iştirak etməyə müvəffəq olublar.
Aleksandra İzvekova deyib: “Azərbaycanda, Şəkidə keçirilən festivala dəvət aldığımıza görə çox sevinirik. Biz burada iştirakçılara göstərilən qonaqpərvərlikdən olduqca məmnunuq. Açığı, olduğumuz heç bir ölkədə bizə belə yüksək münasibət göstərilməyib. Təşkilatçılara təşəkkürümüzü bildiririk. Çox istərdik ki, növbəti festivallarda da bura gələk”.