Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Beynəlxalq Teatr Festivalında Coakkino Rossininin “Seviliya bərbəri” əsəri oynanılıb

22 sentyabr 2016 | 02:09

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı teatrsevərləri və şəhərin qonaqlarını bir-birindən maraqlı tamaşalarla sevindirməkdə davam edir.
Təşkilatçılar balaca tamaşaçıları da yaddan çıxarmayıb, festivalın proqramına iki uşaq tamaşası daxil ediblər.
Sentyabrın 20-də Gürcüstanın Nodar Dumbadze adına Proffessional Dövlət Gənclər Teatrı balaca tamaşaçılara Coakkino Rossininin “Seviliya bərbəri” əsərini təqdim edib.
Canlı aktyorların və kukla personajların birlikdə rol aldıqları tamaşanın quruluşçu rejissoru Beso Kupreişvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Zviad Qaqloşvili və Quri Zakareişvilidir.
Tamaşada əsas rolları Denis Xlibov, Edmond Qabedava, Nino Papiaşvili və başqaları canlandırıblar.
Səhnə əsəri balaca tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda teatrın kollektivinə festivalın təşkilatçıları adından xatirə hədiyyəsi təqdim olunub.
Festival çərçivəsində sentyabrın 20-də daha bir tamaşa Mingəçevir Dövlət Dram Teatrında oynanılıb. Azərbaycan Dövlət Rus Dram Teatrı mingəçevirli tamaşaçılara Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini təqdim edib.
Sentyabrın 21-də Şəki teatrının səhnəsində gündüz saatlarında Azərbaycan Dövlət Kukla Teatrının, axşam isə Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaları oynanılacaq.

Keçidlər