Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Şəkidə silsilə tədbirlərlə qeyd olunacaqdır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi Şəkidə silsilə tədbirlərlə geniş qeyd ediləcəkdir.
Yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə şəhər icra hakimiyyətində təşkilat komitəsi yaradılmış, xüsusi tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq martın əvvəllərindən etibarən rayonun bütün təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsinə başlanılacaqdır. Bundan əlavə, şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik seminarlar, mədəniyyət müəssisələrində “Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbirlər, habelə müəssisə və təşkilatlarda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda elmi-nəzəri konfranslar keçiriləcəkdir.
Apreldə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı fəallarının iştirakı ilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, yerli iş adamları və sahibkarların iştirakı ilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Şəki Sərhəd Dəstəsində “Heydər Əliyev – Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” mövzularında konfransların keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, məktəblilər arasında ümummilli liderə həsr olunmuş inşa yazı və şeir müsabiqələri keçiriləcək, mayda Şəki Dövlət Rəsm Qalereyasında yerli rəssamların və el sənətkarlarının ulu öndərə həsr etdikləri əsərlərdən ibarət sərgi, habelə yerlərdə idmanın müxtəlif növləri üzrə xatirə turnirləri, yarışlar təşkil olunacaqdır. Mayın 10-da şəhərin parklarından birində yubileylə əlaqədar möhtəşəm Gül bayramının keçirilməsi nəzərdə tutulmuşdur. Həmin gün şəhər ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsi önünə gül-çiçək düzəcək, park və meydanlarda bayram tədbirləri təşkil olunacaqdır.