Azərbaycan Dövlət Kukla Teatrı Şəki festivalının səhnəsində
Uğurla davam edən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının növbəti günü, sentyabrın 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı teatrsevərlərə “Zəng” tamaşasını təqdim edib.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı isə Rəvanə Yaqubovadır.
Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Tamaşanın sonunda kollektivə festivalın təşkilatçıları adından hədiyyə təqdim olunub.
Sentyabrın 21-də axşam Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivi Şəki tamaşaçılarına Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini təqdim edəcək.