Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərdə hərbi-vətənpərvərlik hissinin artırılmasına xüsusi diqqət göstərilir

28 sentyabr 2016 | 10:09

Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması dövlətin gənclərlə bağlı siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə yeniyetmə və gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsində, onlarda vətəndaşlıq hislərinin yüksəldilməsində mühüm rol oynayır.
Bu fikirlər Şəki Şəhər İcra Hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin birgə təşkilatçılığı ilə sentyabrın 27-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən gənclərdə hərbi vətənpərvərlik hissinin artırılması və onların zərərli vərdişlərdən qorunmasına həsr olunmuş maarifləndirici tədbirdə səsləndirilib.
Rayonun hüquq mühafizə orqanları rəhbərlərinin, tam orta məktəblərin yuxarı sinif şagirdləri və təhsil işçilərinin iştirak etdiyi tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, bu cür görüşün rayon gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini daha da möhkəmləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxışında qurumun bu sahədə həyata keçirdiyi məqsədyönlü tədbirlər barədə danışıb. Qeyd olunub ki, şöbə öz fəaliyyətində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət ayırır, bu istiqamətdə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Dövlət Xidmətinin yarandığı gündən keçən müddət ərzində bir sıra yeniliklərə nail olduğunu vurğulayan A.Əhmədov bildirib ki, çağırışçıların təyin olunduqları hərbi hissələrə daşınması üçün nəqliyyat vasitələri ilə təmin olunması, “ASAN xidmət” vasitəsi ilə qeydiyyatda olan bütün vətəndaşların hərbi qeydiyyata götürülməsi və qeydiyyatdan çıxarılması, çağırışçıların və hərbi vəzifəlilərin məlumatlarının vahid elektron məlumat sistemində yerləşdirilməsi və digər məsələlər bu sahədə işin keyfiyyətini daha da yaxşılaşdırıb. Görülən işlərin nəticəsidir ki, indi hərbi xidmətdən yayınan gənclər demək olar yoxdur.
Tədbirdə, həmçinin Şəki şəhər-rayon polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, rayon prokuroru Elmar Camalov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və şəhər Təhsil Şöbəsinin əməkdaşı Abdurahman Məmmədovun mövzu ilə bağlı məruzələri dinlənilib.
Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Keçidlər