Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolu yenidən qurulur

30 sentyabr 2016 | 09:09

Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, uzunluğu 17,2 kilometr olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 11,1 kilometri 3-cü, 2,1 kilometri 4-cü və 4 kilometri isə 5-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Artıq yolun 10,5 kilometr hissəsinə asfalt-beton örtük döşənib, suötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 poqonmetr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 kilometr hissəsində tikinti işləri davam etdirilir.
Yol boyu 4 yerdə diametri 1 və 1,25 metr olan 12 metrlik dəmir-beton borulardan istifadə edilərək quraşdırılıb. Ümumi uzunluğu 96 metr, diametri isə 0,50 metr olan metal borular isə yolda əsasən kommunikasiya xətlərini keçirmək və kiçik su axarlarını buraxmaq üçün qoyulub. Onların ümumi uzunluğu 384 metrdir.
Layihə çərçivəsində yolun 11,1 kilometrində hər aşırımın uzunluğu 48 metr olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 metr, eni 4,5 metr, gediş-gəliş hissəsinin eni 3,5 metrdir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.
Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14,5 kilometr hissəsində 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub.
Bütün işlər qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq.

Keçidlər