Şriftin ölçüsü :

Saytın rəngi :

Şimal-qərb regionunun fəal gəncləri Şəkidə toplanıblar

30 sentyabr 2016 | 10:09

Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Bu fikir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 29-da Şəkidə keçirilən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forumda səsləndirilib.
“Şəki-Palas” otelinin konfrans zalında keçirilən tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunu təmsil edən fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzərək, xatirəsini ehtiramla anıblar.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbiri açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin bu gün Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib, forumun işinə uğurlar arzulayıb.
Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar ölkənin regionlarında keçirilən regional forumların əsas məqsədinin fəal gənclərlə fikir mübadiləsi aparmaq, müstəqillik illərində ölkəmizdə dövlətçilik və quruculuq sahəsində əldə olunan nailiyyətləri gənclərə daha canlı şəkildə çatdırmaq olduğunu bildirib. Qeyd olunub ki, bu gün gənclərin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması vacib məsələlərdən biridir.
Forumda Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış edərək, gənclərə tövsiyələrini bildiriblər.
Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdikləri fəallığa görə bir qrup region gəncinə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim edilib.
Nazirliyin sektor müdiri Elşən Hüseynovun moderatorluğu ilə davam edən tədbirdə gənclər arasında azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliği, vətəndaş cəmiyyətinin inkişafında gənclərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Keçidlər