Vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi bələdiyyələrin maliyyə potensialını gücləndirəcək
Vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi yerli özünüidarəetmənin maliyyə və iqtisadi potensialının güclənməsinə, o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcək.
Bu fikir Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının təşkilatçılığı ilə oktyabrın 5-də Şəki şəhərində keçirilən “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi”nin tətbiqinə dair zona müşavirəsində səsləndirilib.
“Şəki-Palas” otelinin konfrans zalında keçirilən tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri və aidiyyəti mütəxəssislər iştirak ediblər.
Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli çıxış edərək, seminarın bələdiyyələrdə yerli vergi və ödənişlərin yığımının artırılmasını təmin etmək və bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan vəzifələri icra etmək məqsədi daşıdığını diqqətə çatdırıb.
Bildirilib ki, bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi əsas çətinliklərdəndir. Ona görə də bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları tərəfindən onlayn qaydada bir serverdən idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanıb. Bu sistemi bələdiyyələrdə tətbiq etməklə bələdiyyələr vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, tədiyyəçilərlə normal münasibətlərin qurulmasını, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, ödənişlərin onlayn qaydada operativ ödənilməsinin təmin edilməsini, gəlir və xərclər üzrə dəqiq statistik məlumatların hazırlanmasını, eyni zamanda, bələdiyyələrdə şəffaflığın təmin olunmasını və digər sahələr üzrə təhlillərin aparılmasını təmin edəcəklər.
Sonda seminar iştirakçılarına “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin istifadə təlimatı” adlı kitabçalar paylanılıb.
Bu mövzuda seminarlar Bakı, Gəncə və Bərdə şəhərlərində də keçirilib. Zona seminarları həftənin sonuna kimi davam etməklə respublikanın bütün bələdiyyə sədrlərinin iştirakı təmin olunacaq.