Şəkili gənclər ordu sıralarına böyük ruh yüksəkliyi ilə gedirlər
Gənclərimiz Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.
Şəki şəhərində çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə oktyabrın 5-də təntənəli mərasim keçirilib.
Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyəti binasının qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhərin mərkəzindəki parkın qarşısında keçirilən mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz bəhrəsini verməkdədir. Ordumuzun dünyanın ən qabaqcıl ordusu kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülür. Doğma Vətənimizin bir qarış torpağının belə düşmən tapdağında qalmaması üçün Silahlı Qüvvələrin şəxsi heyəti daim döyüş əzmini möhkəmləndirir, ordumuz ən müasir döyüş texnikaları ilə təchiz olunur. Məhz göstərilən dövlət qayğısının nəticəsidir ki, indi Azərbaycan Ordusu ən çətin döyüş tapşırığını belə yerinə yetirməyə tam qadirdir.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ağsaqqal və ziyalılar, valideynlər çıxış edərək, müstəqil Azərbaycanın ordusunda xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzulayıblar.
Hərbi xidmətə yollanan gənclər torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarını bildiriblər.
Mərasimdən sonra gənclər hərbi hissələrə yola düşüblər.