Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirləri mühüm rol oynayır

26 oktyabr 2016 | 09:10

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərini aparacaq təlimçilərin hazırlanması üçün respublikanın ayrı-ayrı şəhər və rayonlarında seminar-məşğələləri davam etdirir.
Nvbəti tədbir oktyabrın 25-də Şəki şəhərində keçirilib.
Tədbirdə Daxili İşlər, Təhsil və Səhiyyə nazirliklərinin məsul nümayəndələri, Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri, həmçinin təhsil müəssisələrinin direktor müavinləri, psixoloq və tibb işçiləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon komissiyasının sədri Həsən Həsənov tədbiri açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə danışıb, Dövlət Proqramının icrası ilə bağlı rayonda görülən işlər barədə məlumat verib.
Seminar-məşğələdə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları Şahin İsmayılov, Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şahin Hüseynov və işçi qrupunun digər üzvləri çıxış edərək, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə mütəmadi olaraq təbliğat işləri aparılmalı, yeniyetmə və gənclərin anti-narkotik dünyagörüşünün formalaşması məqsədilə kütləvi idman tədbirlərinin, bilik yarışlarının keçirilməsinə diqqət artırılmalıdır.
Seminar iştirakçılarına Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, metodiki vəsaitlər, bukletlər, xəbərdarlıq vərəqələri və digər zəruri təbliğat materialları təqdim olunub.
Sonda işçi qrupunun üzvləri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Keçidlər