Şəkidə İKT-nin tətbiqinin genişləndirilməsi üçün yeni layihə həyata keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Aztelekom” İstehsalat Birliyi tərəfindən Şəkidə geniş həcmli layihə həyata keçiriləcəkdir.
Şəki Telekommunikasiya Qovşağından bildirmişlər ki, 2013-2015-ci illərdə respublika ərazisində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi üçün Şəki də daxil olmaqla, 13 rayonda İKT-nin səviyyəsinin yüksəldilməsi, telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə olan tələbatın tam ödənilməsi üçün mövcud elektron tipli ATS-in (EATS) yenidən qurulması planlaşdırılmışdır. Bundan əlavə, layihə çərçivəsində bir sıra yaşayış məntəqələrində yeni nəsil EATS quraşdırılacaq, istifadəçilərə müasir telekommunikasiya xidmətləri, o cümlədən genişzolaqlı internet, internet üzərindən televiziya kanallarına baxmaq (İP-TV), data xidmətləri, videogörüntülü rabitə və digər xidmətlər təqdim olunacaqdır.
Layihə çərçivəsində bu il Şəkinin 40 yaşayış məntəqəsində yeni EATS-lərin quraşdırılaraq istismara verilməsi nəzərdə tutulmuşdur.
Aparılacaq yenidənqurma işlərindən sonra rayonda 21 min ədəd əlavə nömrə tutumu və 18 min ədəd ADSL portu istismara veriləcək, məntəqələr arasında 350 kilometr uzunluğunda fiber optik kabel çəkiləcəkdir. Bu işlər cari ilin sonuna kimi başa çatdırılacaqdır.