Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib

29 oktyabr 2016 | 02:10

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 27-də Şəkidə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda keçirilən seminar-treninqdə səsləndirilib.
Seminar-treninqdə aidiyyəti qurumların məsul nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev açaraq, rayonda dövlət-din münasibətləri sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Dini radikalizm və dini ekstremizm kimi mənfi meyillərə qarşı mübarizədə belə maarifləndirmə tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb.
DQİDK-nin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib.
Komitənin təmsilçisi dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin, ənənəvi İslamın təbliği, tolerant və multikultural ənənələrin təşviqi məqsədi ilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Məruzə ətrafında çıxışlarda Azərbaycanda mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri və milli-mənəvi dəyərlərdən geniş söhbət açılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər