Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Azərbaycan Elm Festivalı işini Şəki şəhərində davam etdirib

05 noyabr 2016 | 09:11

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən və respublikamızın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan İkinci Azərbaycan Elm Festivalı noyabrın 4-də işini festivallar şəhəri kimi tanınan qədim Şəkidə davam etdirib.
Festivalın Şəki mərhələsinin təntənəli açılış mərasimi Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilib.
Festival iştirakçıları əvvəlcə teatrın foyesində təşkil edilən sərgi ilə tanış olublar.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbiri açaraq, festivalın işinə uğurlar arzulayıb. İkinci dəfə keçirilən Elm Festivalının respublikamız üçün böyük əhəmiyyət daşıdığını vurğulayan icra hakimiyyətinin başçısı bu tədbirin ölkəmizdə elm sahəsində əldə edilən uğurların təbliği baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
Bildirilib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından asılıdır. Azərbaycanda elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Dövlət müstəqilliyinin bərpasından sonra bu sahəyə göstərilən diqqət və qayğı elmin inkişafında müsbət nəticələr əldə etməyə imkan verib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizin ən qədim və gözəl şəhərlərindən olan Şəkinin Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, tarixən bu şəhərin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Elxan Usubov Elm Festivalının növbəti mərhələsinin Şəkidə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd edilib ki, bu gün Şəkidə fəaliyyət göstərən AMEA-nın Regional Elmi Mərkəzi Şəki-Zaqatala iqtisadi zonasının elmi əsaslarla araşdırılmasında mühüm rol oynayır.
Şəkinin, həm də festivallar şəhəri kimi tanındığını vurğulayan şəhər icra hakimiyyətinin başçısı, hər il bu şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində mühüm rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, Şəki şəhəri, eyni zamanda, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” statusu çərçivəsində üzərinə düşən vəzifələrin öhdəsindən də layiqincə gəlir.
AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bildirib ki, Elm Festivalı Prezident İlham Əliyevin “Azərbaycanı regionda aparıcı elm mərkəzinə çevirməliyik” çağırışına cavab olaraq cəmiyyətdə elmə marağın artırılması, elmin populyarlaşdırılması, yeni texnologiyaların nümayişi, elmin sənaye sektorları ilə təmasının gücləndirilməsi məqsədilə keçirilir. Festivalın Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illik yubileyi ilə bir vaxta təsadüf etdiyini vurğulayan akademik Fəxrəddin Qədirov, belə bir əlamətdar vaxtda elmimizin bayramı olan ikinci Azərbaycan Elm Festivalının keçirilməsinin respublikamızın müstəqillik yubileyinə dəyərli töhfə olduğunu bildirib. Qeyd olunub ki, müstəqilliyimizin 25 illik yubiley ilində keçirilən Elm Festivalı, eyni zamanda, dövlət müstəqilliyinin elmimizə bəxş etdiyi nailiyyətlərin təqdimatıdır.
Fəxrəddin Qədirov deyib ki, Elm Festivalının ilk dəfə regionlarda, o cümlədən Şəki şəhərində keçirilməsi də olduqca əlamətdardır. Çünki böyük keçmişi olan qədim Şəki şəhərinin Azərbaycan mədəniyyəti və elminin formalaşmasında xüsusi yeri var. Bu şəhər demək olar ki, tarixi inkişafının hər bir məqamında nəinki Azərbaycanın, həm də dünyanın mədəni və elmi sivilizasiyasına böyük töhfələr verib.
AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov ikinci Azərbaycan Elm Festivalının keçirildiyi məkanlardan biri olaraq məhz Azərbaycanın dövlətçilik tarixində mühüm rolu olan qədim Şəkinin seçilməsinə görə AMEA-nın rəhbərliyinə Şəki ictimaiyyəti, elm adamları adından minnətdarlığını bildirib.
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü Elm Festivalının Şəkidə keçirilməsini bu diyarın elm və mədəniyyətinə olan yüksək ehtiram kimi qiymətləndirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Rafiq Rasulov qeyd edib ki, Azərbaycanda Elm Festivalının keçirilməsi elm adamlarına və elmin inkişafına dövlətin göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Festivalın respublikamızın bir sıra iri şəhərləri ilə yanaşı, ölkənin tarix və mədəniyyət mərkəzlərindən olan Şəkidə keçirilməsi şəkililər üçün fərəh və qürur doğuran hadisədir.
Sonra Azərbaycan elminin qazandığı uğurlardan bəhs edən sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində Şəkinin musiqi kollektivləri və ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında elmi-populyar mühazirələr dinlənilib.
Tədbir çərçivəsində, həmçinin muzeylərə, elmi laboratoriyalara, emalatxanalara ekskursiyalar da təşkil olunub.

Keçidlər