Şəkinin tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Saatlı, Sabirabad və Zərdab məktəblilərindən ibarət qruplar noyabrın 13-də səhər saatlarında qədim Şəki diyarına gəliblər.
Tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti və turizm potensialı barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biridir. 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Şəki, eyni zamanda, festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir.
Səfər proqramına uyğun olaraq, məktəblilər sonra şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub. Məktəblilərin diqqətinə çatdırılıb ki, Şəki qədimdən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. Burada memarlıq, tətbiqi sənət, şəbəkə, ağac üzərində oyma, dulusçuluq və digər sənət növləri yüksək səviyyədə inkişaf edib. Şəki sənətkarlarının gərgin əməyi sayəsində bu qədim şəhərdə çox zəngin tarixi-mədəni irs yaranıb.
Bildirilib ki, Şəki xanlarının sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Xan sarayı ilə tanışlıq məktəblilərin ürəyincə olub. Onlar sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Saatlı, Sabirabad və Zərdab məktəbliləri sonra qoruğun ərazisini gəzib, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində, həmçinin V-VI əsrlərə aid memarlıq abidəsi olan Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Qədim və müasir Şəki ilə tanışlıq tur-aksiyanın iştirakçılarında zəngin təəssürat yaradıb.
Səfər proqramına uyğun olaraq, tur-aksiyanın iştirakçıları sonra Zaqatala rayonuna yola düşüblər.