Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Şəki “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti iştirakçılarını qəbul edib

15 noyabr 2016 | 10:11

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.
Aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə, noyabrın 14-də qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.
Tur-aksiyanın iştirakçılarını Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin nümayəndələri mehribanlıqla qarşılayıblar.
Məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verilib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir. Məlumat verilib ki, TÜRKSOY tərəfindən Şəki şəhəri, həm də 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri məktəblilərin Şəkinin tarixi məkanlarına ekskursiyaları böyük səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar.
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları məktəblilərin böyük marağına səbəb olub. Məlumat verilib ki, qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İkimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Sarayın divar rəsmləri həndəsi və nəbati naxışlardan ibarətdir. Saraydakı şəbəkə-pəncərələr, ikinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə diqqəti cəlb edir.
Bildirilib ki, şəbəkə sənəti Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan sarayını bəzəyən pəncərə şəbəkələrinin hər kvadratmetrinə 10-14 min detal və rəngli şüşə düşür.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları da tur-aksiya iştirakçılarının marağına səbəb olub.
Məktəblilər ilk dəfə gördükləri sarayın gözəlliyinə heyran qaldıqlarını bildirib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra məktəblilər “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəziblər. Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.
Məktəblilər, həmçinin qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində də olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
İnşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.
Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.

Keçidlər