“Ölkəmizi tanıyaq”: Məktəblilər qədim Şəkinin tarixi məkanları ilə tanış olublar
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 8 rayonun – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Göygöl və Tovuz rayonlarının məktəblilərindən ibarət qruplar noyabrın 18-də qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış oldular.
Tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Turizmin inkişaf etdirilməsi üçün çox əlverişli coğrafi şəraitin və infrastrukturun mövcud olduğu Şəki, eyni zamanda, festivallar şəhəri kimi də tanınır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Diqqətə çatdırılıb ki, TÜRKSOY tərəfindən Şəki şəhəri həm də 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Məktəblilərin qədim Şəki ilə ilk tanışlığı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Məlumat verilib ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
Diqqətə çatdırılıb ki, qoruğun dəyəri, həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə tanınmış xadim məhz bu ərazidə doğulub, yaşayıb, yaradıblar. Hazırda bu şəxsiyyətlərin bir çoxunun qoruq ərazisində ev-muzeyləri fəaliyyət göstərir.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Məktəblilər ilk dəfə gördükləri sarayın gözəlliyinə heyran qaldıqlarını bildirib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiya iştirakçıları sonra bu ərazidə yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olublar. Bildirilib ki, hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə hazırda 5 minə yaxın eksponat saxlanılır.
Tur-aksiya iştirakçıları qoruğun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına da baş çəkiblər. Məktəblilərin diqqətinə çatdırılıb ki, Şəki əsrlər boyu sənətkarlar məskəni olub. Şəki sənətkarlarının yüzillər boyu əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb.
Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı bildirilib ki, Şərq memarlığı üslubunda tikilən kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda karvansaray mehmanxana kimi fəaliyyət göstərir.
Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.