Şəki qədim tariximizin bütün mərhələlərini özündə birləşdirən bənzərsiz diyardır
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahət edən Füzuli, Şirvan və İmişli rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə, noyabrın 19-da qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
Tur-aksiya iştirakçılarını Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin nümayəndələri mehribanlıqla qarşılayıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri və turizm potensialı barədə qısa məlumat verib. Diqqətə çatdırılıb ki, Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biridir. 2700 ildən çox yaşı olan bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Şəki, eyni zamanda, festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Hər il keçirilən ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına, ümumiyyətlə, indiyədək dünyanın 20-dən çox ölkəsindən tanınmış musiqi və folklor kollektivləri qatılıb. Şəki, həmçinin beynəlxalq şirniyyat və teatr festivallarına da ev sahibliyi edir. Bütün bunların nəticəsidir ki, TÜRKSOY tərəfindən Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. İl çərçivəsində bu il Şəkidə müxtəlif beynəlxalq tədbirlər, konfranslar keçirilib, sərgilər təşkil olunub.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri məktəblilərin Şəkinin tarixi məkanları ilə tanışlığı böyük səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar.
Səfər proqramına uyğun olaraq, məktəblilər şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Sarayın divar rəsmləri həndəsi və nəbati naxışlardan ibarətdir. İkinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə diqqəti cəlb edir.
Bildirilib ki, şəbəkə sənəti Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan sarayını bəzəyən pəncərə şəbəkələrinin hər kvadratmetrinə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub. Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Muzeydə nümayiş olunan qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi - Dairəvi Məbədlə, həmçinin Xalq Tətbiqi-Sənəti Muzeyində nümayiş etdirilən Şəkinin məşhur sənətkarlarının əl işləri, qədim sənətkarlıq nümunələri ilə tanış olublar.
Səfər çərçivəsində məktəblilər “Yuxarı Karvansaray” mehmanxana kompleksinə gəlib, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Füzuli rayonunun məktəblisi Xankişi Xankişiyev, şirvanlı məktəbli Xosrov Əzimov və digərləriAZƏRTAC-ın müxbiri ilə söhbətlərində Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şəkinin tarixi məkanları, xüsusilə də Şərq memarlığının nadir incisi hesab olunan Xan sarayı ilə tanışlığın onlarda zəngin təəssürat oyatdığını bildiriblər.
Tur-aksiya iştirakçıları səfər proqramına uyğun olaraq Zaqatala rayonuna yola düşüblər.