Tur-aksiya çərçivəsində Şəki məktəblilərinin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəki şəhərini təmsil edən ümumtəhsil məktəblərinin şagirdləri Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerləri ilə tanış olublar. Tur-aksiya iştirakçıları ekskursiya boyunca şimal bölgəsinə yağan qarın sevincini yaşayıblar.
Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar. Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar. Məktəblilərin ekskursiyası zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıqla davam edib. Sonra məktəblilər dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə gəliblər. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar. Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər. Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.
Qusara gələn məktəblilərin səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Məktəblilər yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa edib, xatirə şəkilləri çəkdiriblər. Tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzində olublar. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verilib. Mərkəzlə tanışlıqdan sonra məktəblilər qartopu oynayıblar. Aksiya iştirakçıları “qartopu festivalı” adlandırdıqları bu əyləncəli oyundan böyük zövq alıblar. Daha sonra şagirdlər Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi, Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış olublar. Tur-aksiya iştirakçıları Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini də ziyarət ediblər
Xaçmaz şəhərində tur-aksiya iştirakçılarını şəhərin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar. Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, şəhərdə yeni inşa edilən Heydər Əliyev Mərkəzində olublar. Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib. Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər. Meydan və Çənlibel parkında gəzintidən sonra şagirdlər ekskursiyanı başa vuraraq Şəkiyə yola düşüblər.
Qeyd edək ki, tur-aksiya çərçivəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş, 60-dan yuxarı komandanın mübarizə apardığı Nə? Harada? Nə zaman?” intellektual yarışmasında iştirakçılara müxtəlif sahələrə aid 24 sual təqdim olunub. Sualların böyük əksəriyyətini doğru cavablandıran Şəki şəhərinin “Şəki 5” komandası ikinci yeri, “Şəki-2” komandası isə üçüncü yeri tutub. Qaliblərə kubok və diplom, yarış iştirakçılarına sertifikatlar təqdim olunub.
Ümumilikdə, şimal bölgəsinə ekskursiyada Şəki, Mingəçevir, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayon və şəhərlərini təmsil edən 400 nəfər IX-XI sinif şagirdi iştirak edib.