Şəkidə Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilmişdir
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki şəhərindəki “Büllur” şadlıq sarayında bayram şənliyi keçirilmişdir. Bayram tədbirində şəhər rəhbərliyi, fəal qadınlar, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova Azərbaycan qadınının keçdiyi şərəfli yoldan, ölkəmizdə qadınlara göstərilən yüksək dövlət qayğısından geniş bəhs etmişdir. Qeyd olunmuşdur ki, təntənə ilə qeyd etdiyimiz bu gün xalqımızın ən əziz bayramlarındandır. Ona görə ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Bu bayram, doğrudan da bizim ən gözəl bayramımızdır. Çünki bu bayram qadınlara həsr olunmuşdur. Qadınsız isə həyat yoxdur”.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qadınları əlamətdar bayram münasibətilə təbrik etmişdir. Vurğulanmışdır ki, tarixən Azərbaycanda qadına, anaya böyük hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və ağılı ilə fərqlənmişdir. Tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı səhifəsi məhz qadının adı ilə bağlıdır.
Bayram süfrəsi ətrafında, rəngarəng konsert proqramı ilə davam edən tədbirin sonunda rayonun ictimai-siyasi, elmi-mədəni həyatında fərqlənən qadınlara bayram hədiyyələri təqdim olunmuşdur.
Təltif olunanlar arasında “Şəki-İpək” ASC həmkarlar ittifaqı təşkilatının sədri Sevil İsmayılova, Şəki bələdiyyəsi sədrinin birinci müavini Gülnaz Salamova, şəhər icra hakimiyyətinin baş məsləhətçisi Günəş Əzimova, şəhid anaları Sümayə Mustafayeva, Sədaqət Məmmədova, “Yuxarıbaş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva, həkimlər Kübra Rəsulova, Arzu Teymurova, şəhər təhsil şöbəsinin əməkdaşı Firəngiz İbrahimova və başqaları vardır.