Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim və müasir Şəki: İyirmi beş ilin nailiyyətləri

09 dekabr 2016 | 00:12

Bu il xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük təntənə ilə qeyd edir. Ötən iyirmi beş ildə Azərbaycan böyük inkişaf yolu keçib, dünya ölkələri arasında layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan artıq regionun qüdrətli dövlətinə, mühüm nəqliyyat və tranzit qovşağına, həmçinin siyasi, iqtisadi və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib.
Müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlarda respublikamızın bütün şəhər və rayonları kimi, qədim Şəkinin də özünəməxsus rolu və payı var. Statistik məlumatlara görə, 1993-2003-cü illərdə Şəkidə əsas kapitala yönəldilən investisiyaların həcmi 57,3 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 51,9 dəfə, əsas fondların istifadəyə verilməsi 77 dəfə artıb.
Regionun ən böyük sənaye müəssisəsi olan “Şəki-İpək” ASC-nin fəaliyyətə başlaması, Kiş çayı üzərində körpü salınması, Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi həmin dövrün yaddaqalan hadisələrindəndir.
Ümummilli Lider tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf özünü Şəkinin timsalında da aydın göstərir. 2003-2015-ci illərdə rayonda ümumi məhsul buraxılışının həcmində 5,5 dəfə, o cümlədən sənaye məhsulu istehsalında 5,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalında 4,4 dəfə artım qeydə alınıb. Son 13 ildə Şəkidə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 17 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 31 dəfə, pərakəndə əmtəə dövriyyəsinin həcmi 6,5 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 12 dəfə artıb. Rayon üzrə orta aylıq əməkhaqqı 7,9 dəfə artaraq 257 manat olub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində 2003-2016-cı illər ərzində rayonda 15 min 856 yeni iş yeri açılıb.
Prezident İlham Əliyev Şəkiyə 7 dəfə səfər edib. Bu səfərlər zamanı 18 obyekt açılıb və ya təməlqoyma mərasimi keçirilib. Dövlətimizin başçısı rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 11 Sərəncam imzalayıb.
2006-cı ilin oktyabrında işə salınan 87 meqavat gücündə Şəki modul tipli elektrik stansiyası Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının yaşayış məntəqələrinin elektrik enerjisi ilə davamlı təmin olunmasına imkan yaradıb. Yeni kərpic zavodu, “Aqro-İndastris” MMC-nin müasir heyvandarlıq kompleksi, “Aqroinvestkom” MMC-nin şərab zavodu, “Karat Holdinq”ə məxsus taxıl anbarı və dəyirman kompleksi və digər emal müəssisələri hazırda rayon iqtisadiyyatının dinamik inkişafında mühüm rol oynayır.
Şəki Rayon Mərkəzi Xəstəxanasının 100 çarpayılıq yeni korpusu, qəsəbə və kəndlərdə istifadəyə verilən sahə xəstəxanaları və həkim məntəqələri, həmçinin Əlillərin Bərpa Mərkəzi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşmasına şərait yaradıb.
2003-2016-cı illərdə rayonda 9800 şagird yerlik 29 məktəb binası tikilib, 3528 şagird yerlik 7 məktəb binası isə əsaslı təmir edilib. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb, 325 yerlik 5 uşaq bağçası inşa olunub, 680 yerlik 10 uşaq bağçası əsaslı şəkildə yenidən qurulub.
Şəki turistlər üçün cəlbedici məkana çevrilib. Son illər rayonda yeni turizm obyektləri, mehmanxanalar, istirahət mərkəzləri yaradılıb. “Şəki-Saray”, “Şəki-Palase”, “Qrin Hill” otellərinin açılışında dövlətimizin başçısı şəxsən iştirak edib. Hazırda rayonda 20-yə yaxın turizm və istirahət mərkəzi fəaliyyət göstərir. Bu il fəaliyyətə başlayan “Marxal” müalicə-istirahət kompleksi isə şübhəsiz ki, Şəkinin turizm sektorunu daha da canlandıracaq.
Füsunkar təbiəti ilə yanaşı, turistləri buraya cəlb edən digər bir cəhət isə Şəkinin özünəxas sənətkarlıq ənənələrinin olmasıdır. Bu ənənələr indi də qorunur və inkişaf etdirilir.
Müstəqillik illərində Şəkidə tarixi-mədəni irsin qorunub saxlanması və təbliği istiqamətində də davamlı addımlar atılıb. Şərq memarlığının nadir incisi olan Şəki xanlarının sarayı, Yuxarı və Aşağı Karvansaray binaları, M.F.Axundzadənin ev muzeyi əsaslı şəkildə bərpa olunub, Şəki Dövlət Dram Teatrının binası əsaslı təmirdən sonra istifadəyə verilib, 600 tamaşaçı yeri olan Yay teatrı tikilib, yeni parklar salınıb. Şəki dünyada, həm də beynəlxalq festivallara layiqincə ev sahibliyi edən məkan kimi də tanınır. Ənənə halını almış teatr, musiqi və şirniyyat festivalları buna misaldır. Bu qədim diyarın TÜRKSOY tərəfindən 2016-cı ilin Türk mədəniyyəti paytaxtı elan olunması isə Şəkinin müasir tarixinə daha bir parlaq səhifə kimi yazılıb.
Şəkini çiçəklənən, inkişaf edən Azərbaycanın bir parçası kimi qiymətləndirən Prezident İlham Əliyev Şəkiyə səfərlərinin birində deyib: “Elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir”.

Keçidlər