Şəkidə Gənclər Fondunun fəaliyyətə başlamasının beş illik yubileyi münasibətilə tədbir keçirilib
Azərbaycanda həyatın bütün sahələri kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə xüsusi önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz göstəricisidir.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illik yubileyi münasibətilə dekabrın 9-da Şəkidə keçirilən regional görüşdə səsləndirilib.
Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağsu rayonlarının gənclər və idman idarələrinin, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkənin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini bildirib. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin, layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar nəticəsində artıq bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanına əsasən yaradılan Fondun ötən beş ildəki fəaliyyəti, qazandığı uğurlar, əldə olunan nailiyyətlər barədə danışıb. Bildirilib ki, Fond beş ildir ki, gənclərə dəstək verir, onların ideyalarını və təşəbbüslərini reallaşdırmağa şərait yaradır. Fəaliyyət göstərdiyi dövrdə Fond gənclərin böyük etibarını qazanıb. Yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideya və təkliflərlə Fonda müraciət edib və dəstək alıblar.
Tədbirdə Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov, Zaqatala rayon gənclər və idman idarəsinin rəisi Araz Əliyev, Qax rayon gənclər və idman idarəsinin rəis müavini Elvin Həsilov və başqaları çıxış edərək, regionlarda fəaliyyət göstərən gənclərin layihələrinin reallaşmasına göstərdiyi dəstəyə görə Gənclər Fondunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun beş illik fəaliyyətinə həsr olunan video-təqdimat olub. Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 167-nə müsbət cavab verilib. Qeyd edilib ki, ötən müddət ərzində Fond tərəfindən bugünki görüşdə iştirak edən rayonlar üzrə, o cümlədən Şəki rayonu üzrə 84, Balakən rayonu üzrə 52, Zaqatala rayonu üzrə 43, Qax rayonu üzrə 58, Oğuz rayonu üzrə 51, Qəbələ rayonu üzrə 99, İsmayıllı rayonu üzrə 76 və Ağsu rayonu üzrə 43 layihə dəstəklənib.