“Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunub
Məlum olduğu kimi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Parisdə UNESCO-nun baş qərargahında silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir. Səfər çərçivəsində Sevda Məmmədəliyeva “Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb.
Nazirlikdən bildirilib ki, görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın quruma üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.
Görüş zamanı Sevda Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, “Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən təqdim olunan sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanıb və tələb olunan kriteriyaları özündə ehtiva edir.
Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.
Qeyd edək ki, hazırda “İçərişəhər” Memarlıq Kompleksi və “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.