Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın ölkəmizdəki səfirliyi Şəki ilə turizm sahəsində əməkdaşlığa maraq göstərir

14 dekabr 2016 | 07:12

Şəkinin çox böyük iqtisadi potensialı və geniş turizm potensialı var. Ümid edirəm ki, bu qədim və gözəl şəhərə gələn alman turistlərin sayı ildən-ilə daha da artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Bu fikirləri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab dekabrın 13-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.
Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov səfirə qədim Şəkinin tarixi və mədəniyyəti, iqtisadi və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, rayonda dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Onların qorunması və bərpası diqqət mərkəzindədir. Söhbət zamanı nadir memarlıq abidəsi olan Şəki xanları sarayının bərpasında alman mütəxəssislərin rolunu xüsusi vurğulanıb. Qeyd edilib ki, Şəkidə hər il beynəlxalq səviyyəli 4-5 festival keçirilir. Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı üçün yaxşı imkanlar mövcuddur.
Səfir Mixael Kindsqrab Şəkiyə ilk dəfə səfər etdiyini, şəhərin gözəlliyinə heyran qaldığını bildirib. Almaniyalı diplomat Şəki ilə iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Almaniya əlaqələrinin bütün sahələr üzrə sürətlə inkişaf etməsini məmnunluqla qeyd edən səfir Şəki şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasında KfV Bankının iştirakının əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Şəkiyə səfəri çərçivəsində səfir Mixael Kindsqrab şəhərin tarixi məkanlarına baş çəkib, Şəki xanlarının sarayı ilə tanış olub, “Şəki-İpək” ASC-də istehsal prosesini izləyib.

Keçidlər