Payız mövsümündə Şəkidə 75 min ədəd tut tingi əkilib
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cari ilin payız mövsümündə Şəki rayonunun ərazisində 75 min ədəd tut tingi əkilib.
Əkilmiş tinglərin 50 min ədədi “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən yerli cinslərdir. Bu tinglərin 33 min 340 ədədi kümdarların özlərinə məxsus pay torpaqlarında, 16 min 660 ədədi isə Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən dövlət meşə fonduna aid torpaqlarda əkilib.
Bundan əlavə, intensiv tipli yeni tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərindən 25 min ədədinin Şəki rayonu ərazisində əkilməsi də tam təmin olunub. İstər yerli, istərsə də Çindən idxal olunan tinglərin hamısı kümdarlara pulsuz paylanılıb.
Qeyd edək ki, 2016-cı ildə rayonda 8,5 ton yaş barama istehsalı nəzərdə tutulsa da, şəkili kümdarlar tapşırığa 115 faiz əməl edərək “Şəki-İpək” ASC-yə 9 ton 751 kiloqram barama təhvil veriblər. Hər kiloqram yaş barama üçün kümdarlara 8 manat ödənilib.